Qazaxıstanda 14,5 mindən çox əmək mühaciri işləyir

Bakı, 27 sentyabr, AZƏRTAC
2023-cü il sentyabrın 1-nə olan məlumata görə, Qazaxıstanda yerli icra orqanlarının icazəsi ilə 14 min 571 nəfər xarici ölkə vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur.
AZƏRTAC xəbər verir ki, Kazinform agentliyi bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla məlumat yayıb.
Hazırda Qazaxıstanda xarici işçi qüvvəsindən istifadə edən 1424 müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrdə 474,4 min Qazaxıstan vətəndaşı çalışır ki, bu da işçilərin ümumi sayının 97 faizini təşkil edir.
Xarici vətəndaşların əsas hissəsi tikinti sahəsində işləyir - 4986 nəfər (34 faiz). Kənd təsərrüfatı, meşə və balıq təsərrüfatı sahələrində əmək fəaliyyətinə 1867 nəfər (12,7 faiz), dağ-mədən işlərinə 1359 nəfər (9,3 faiz), istehsal sənayesinə 1219 nəfər (8,3 faiz), peşəkar, elmi və texniki fəaliyyətə isə 901 nəfər (6 faiz) cəlb olunub.
Əmək mühacirlərinin 3771 nəfəri çinli, 2002 nəfəri özbəkistanlı, 1370 nəfəri türkiyəli, 1363 nəfəri isə hindistanlıdır.
Xatırladaq ki, Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxili əmək bazarını qorumaq məqsədilə hər il respublikaya cəlb edilən xarici mütəxəssislər üçün kvota müəyyənləşdirir. 2023-cü ildə ümumi kvota ölkədəki işçi qüvvəsinin 0,24 faizini təşkil edib.