Qazaxıstanda “KazAgroFarm-2026” beynəlxalq aqrosənaye sərgisi başa çatıb
Astana, 23 oktyabr, AZƏRTAC
Astanada dünyanın 25 ölkəsindən 350-dən çox şirkətinin iştirak etdiyi “KazAgroFarm-2026” beynəlxalq aqrosənaye sərgisi başa çatıb. Tədbirin rəsmi beynəlxalq informasiya tərəfdaşı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) olub.
AZƏRTAC xəbər verir ki, sərgi oktyabrın 21-dən 23-dək EXPO Beynəlxalq Sərgi Mərkəzində keçirilib. Tədbirin təşkilatçısı Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin və Astana şəhər administrasiyasının dəstəyi ilə “ExpoGroup” şirkəti olub.
Üç gün ərzində sərgini Qazaxıstanın müxtəlif bölgələrindən 10 mindən çox fermer ziyarət edib. Tədbirdə dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və işgüzar dairələrin nümayəndələri də iştirak ediblər.
Xarici qonaqlar arasında Liviya, İran və Çexiyanın kənd təsərrüfatı qurumlarının nümayəndələri, eləcə də Almaniyanın Qazaxıstandakı səfiri Hayke Payç olub.
Sərgidə iki əsas istiqamət – bitkiçilik (“KazAgro”) və heyvandarlıq (“KazFarm”) üzrə məhsul və texnologiyalar nümayiş etdirilib. Şirkətlər müasir kənd təsərrüfatı texnikası və avadanlıqları, eləcə də rəqəmsallaşdırma, süni intellekt, robototexnika və dəqiq əkinçilik sahələrində həllər təqdim ediblər.
İşgüzar proqram çərçivəsində beynəlxalq konfranslar, seminarlar və biznes görüşlər keçirilib. Aqrodronların tətbiqinə, eləcə də Almaniya ilə Qazaxıstan arasında aqrar əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.
Sərginin əsas hadisələrindən biri “Akbas” adlı qazax ağbaşlı iribuynuzlu mal-qara cinsinin 75 illiyinə həsr olunmuş yubiley tədbiri olub.
Sərgidə Qazaxıstanın elmi təşkilatlarının hazırladığı yeniliklər də nümayiş etdirilib. Həmin təşkilatların nümayəndələri aqrar sahənin inkişafına yönəlmiş bir sıra sazişlər imzalayıblar.