Qazaxıstanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin təsis yığıncağı keçiriləcək
Bakı, 2 may, AZƏRTAC
Bakıda səfərdə olan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Türk dövlətləri arasında əməkdaşlığın genişləndiyi, keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasının mühüm addım olduğunu deyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun salamlarını çatdıran nazirin müşaviri qeyd edib ki, qiymətləndirmə iqtisadiyyatının dinamik inkişaf edən fəaliyyət sahələrindən biridir: “Müxtəlif fəaliyyət növlərinin nəticələrinin, onların səmərəliliyinin, investorların müxtəlif risklərlə üz-üzə qalmalarının, eləcə də yekun nəticələri təmin edən resursların kompleks göstəricisi kimi qiymətləndirmənin əhəmiyyəti olduqca böyükdür. Azərbaycanda bazar münasibətləri inkişaf etdikcə, qiymətləndirmə fəaliyyəti üzrə biliklərin genişlənməsinə də tələbat artır”.
Türk dövlətləri arasında iqtisadi münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini söyləyən Ə.Ələkbərov Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyətindən böyük gözləntilər olduğunu diqqətə çatdırıb: “Əminik ki, Türk dövlətləri arasında münasibətlərin inkişafına qiymətləndiricilər də öz vacib töhfəsini verəcək”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin koordinatoru Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü barədə məlumat verib. Qeyd edib ki, ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçildikdən sonra Türkiyəyə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Türkiyə Dəyərləmə Uzmanları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb, Türk dövlətlərin qiymətləndiriciləri arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunub. Bundan sonra bu istiqamətdə fəaliyyətə başladıqlarını söyləyən V.Oruc Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin yarandığını və iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis yığıncağı keçirəcəklərini bildirib. Əlavə edib ki, Bakıda keçirilən “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” türk ölkələrin qiymətləndiriciləri arasında ilk rəsmi və canlı təmasdır.
Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci Türk dövlətlərinin qiymətləndiriciləri arasında əməkdaşlığın perspektivləri barədə məlumat verib. O bildirib ki, təcrübə və kadr mübadiləsi, birgə təlimlər, vahid məlumat reyestrinin formalaşdırılması, milli qiymətləndirmə standartlarının tətbiqi və digər istiqamətlərdə fəal əməkdaşlıq nəzərdə tutulub.