DÜNYA
Qazaxıstanın şəhərlərində qadın polis məntəqələri yaradılacaq
Bakı, 4 dekabr, AZƏRTAC
Qazaxıstanın bütün şəhərlərində zərif cinsin nümayəndələrinə qarşı zorakılıq zəminində cinayətlərin istintaqını qadın müstəntiqlər aparacaq. AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin sədri Erlan Koşanov bildirib.
Mərkəzi Asiya ölkələri qadınlarının dialoqu konfransında çıxış edən parlamentin spikeri qeyd edib ki, son iki ildə Qazaxıstanda qadınların zorakılıqdan qorunması üzrə qadın inspektorların sayı da iki dəfə artırılıb. “Bir çox hallarda, qadınların problemlərini ən yaxşı öz həmcinsləri anlayır. Məhz buna görə biz qadınlara və azyaşlılara qarşı zorakılıq hallarının təhqiqatı məsələsini qadın müstəntiqlərə həvalə etməyi nəzərdə tuturuq. Respublikada yaradılan istintaq-əməliyyat qruplarının tərkibinə 280 qadın müstəntiq daxil edilib”, -deyə parlamentin sədri vurğulayıb.
Erşan Koşanov əlavə edib ki, istintaqla yanaşı, eyni zamanda, qadınlara qarşı zorakılıqla mübarizədə ideoloji iş də aparılmalı, cəmiyyətdə kişilərin ailədə dominant rolu ilə bağlı hökm sürən stereotiplərə son qoyulmalıdır. Bu proses məktəblərdən başlamalı, əhali arasında hüquq mədəniyyəti formalaşdırılmalıdır.