SİYASƏT
Qazaxıstanlı deputat: Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək
Astana, 3 noyabr, AZƏRTAC
Bakı qlobal problemlərin həlli üzrə beynəlxalq mərkəz kimi mövqeyini möhkəmləndirir və Azərbaycanın paytaxtında belə bir əlamətdar tədbirin keçirilməsi də bunu təsdiqləyir.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Erlan Sairov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsini təklifini şərh edərkən deyib.
“Qardaş ölkə olan Azərbaycanın beynəlxalq aləmdə rolu və yeri durmadan güclənir. Bu, bizi sevindirir”, - deyən qazaxıstanlı millət vəkili beynəlxalq gündəmdəki aktual məsələlərin həllində Azərbaycanın təsirinin artdığını vurğulayıb.
Qazaxıstanlı deputatın sözlərinə görə, iqlim dəyişikliyi bu gün əsas planetar təhlükələrdən biridir, çünki söhbət bütövlükdə sivilizasiyanın mövcudluğundan gedir.
“Bakıda keçiriləcək COP29 iqlim konfransında strateji əhəmiyyətli qərarlar qəbul ediləcək. Təbii ehtiyatların nəzarətsiz istismarı və istixana qazlarının atmosferə təsiri bütün beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edir”.
Erlan Sairov tədbirə uğurlar arzulayıb, onun yüksək təşkilati və intellektual səviyyədə keçəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, bu il Qazaxıstan uzun illərdən sonra ilk dəfə olaraq COP29 qlobal iqlim konfransında öz pavilyonunu təqdim edəcək.
Qazaxıstan pavilyonu 150 kvadratmetr ərazini əhatə edəcək və aşağıdakılardan ibarət olacaq: ekologiya sahəsində nailiyyətlərin nümayişi üçün sahə; panel müzakirələri və sessiyalar üçün konfrans zalı; dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq şirkətlər, banklar və tərəfdaşlarla memorandumların imzalanacağı görüş zalı.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana