Qazaxıstanlı elmi işçilər Neft və Sənaye Universitetində olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Qazaxıstanın K.Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin elmi işçiləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təcrübədə olublar. Onlar, həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyalarında elmi-tədqiqat işləri aparıblar.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
ADNSU ilə əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlarla müvafiq kafedra və dekanlıqlarda görüşlər keçirilib, elmi müzakirələr aparılıb.
Həmçinin Qazaxıstan Respublikasının digər ali təhsil müəssisəsinin - Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin magistrantları ADNSU-da Geoloji kəşfiyyat fakültəsində təcrübə keçiblər.
Yekunda ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalovla görüşən tələbələr uğurlu təcrübəyə görə sertifikata layiq görülüblər.