Qazaxıstanlı tarixçi: Xocalı soyqırımının təşkilatçıları məsuliyyətə cəlb olunmalıdırlar
Astana, 26 fevral, AZƏRTAC
“Xocalı soyqırımının təşkilatçıları törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar”.
AZƏRTAC xəbər verir ki, bunu qazaxıstanlı ekspert və tarixçi Daniyar Kasımov deyib.
O bildirib ki, cinayətkarlar mütləq ilahi cəzalarını alacaqlar: “Təkcə etnik azərbaycanlılar deyil, məshəti türkləri də faciənin qurbanları olublar”.
Daniyar Kasımov qeyd edib ki, ilk dəfə gənc yaşlarında Xocalı soyqırımı barədə eşidib: “90-cı illərin əvvəllərində atamın azərbaycanlı dostları olub. Onlar öz yurdlarından didərgin düşərək Qazaxıstana gəlmişdilər. Hadisələr haqqında da ilk dəfə onlardan eşitmişdim, lakin ətraflı heç nə bilmirdim. Sonralar internet yaranandan və sənədlər, sənədli filmlər, videomateriallar əlçatan olandan sonra faciə haqqında dərin araşdırma apardım.
Onun sözlərinə görə, Qazaxıstanda tarixçilər, sosioloqlar, politoloqlar, hüquqşünaslar və digər mütəxəssislər Xocalı soyqırımı barədə məlumatlıdırlar: “Çoxlu materiallar var, bu mövzunu özəl olaraq, dəyirmi masa formatında, konfranslarda və digər tədbirlərdə müzakirə edirik. Bu səbəbdən bizim cəmiyyət bu faciə barədə yaxşı məlumatlıdır”.
Qeyd edək ki, 1992-ci il fevralın 26-dan 27-nə keçən gecə Xocalıda soyqırımı baş verib. Faciə nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı sakin də daxil olmaqla 613 nəfər dünyasını dəyişib. 1275 nəfər əsir düşüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Astana