Qazi avtomobil və işlə təmin olunub, mənzil növbəsinə qeydiyyata alınıb
Bakı, 20 dekabr, AZƏRTAC
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin və yaralanmış, xəsarət almış hərbçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində bir çox mühüm göstərişlər verib. Həmin sosial dəstək tədbirlərindən mən də öz növbəmdə yararlanmışam.
Bunu AZƏRTAC-a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsi qazisi Rəşad Novruzov deyib.
R.Novruzov bildirib ki, Vətən müharibəsi zamanı sol ayağından ciddi xəsarət aldığından müalicəsi ölkəmizlə yanaşı, Türkiyə Respublikasında da aparılıb. Onun müalicəsi “YAŞAT” Fondunun dəstəyi ilə qardaş ölkədə davam etdirilib.
Qazinin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial tədbirlər çərçivəsində reabilitasiya xidmətlərindən yararlanıb, avtomobillə təmin olunub, fərdi mənzil növbəsinə qeydiyyata alınıb.
R.Novruzov bildirib ki, göstərilən dəstək tədbirləri bununla yekunlaşmayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzində işlə təmin olunub və hazırda inzibati vəzifədə çalışır.
“Göstərilən diqqət və qayğı Vətən yolunda canından, qanından keçənlər və onların əmanətlərinin dövlətimiz üçün necə dəyərli olduğunu göstərir. Qələbəmizi şərtləndirən əsas amillərdən biri də məhz gözümüzün arxada qalmaması idi. Əmin idik ki, ağır xəsarət alsaq ya da şəhid olsaq dövlətimiz bizi və əmanətlərimizi unutmayacaq, daim diqqət mərkəzində saxlayacaq. Həyata keçirilən sosial siyasət və həssas təbəqənin rifah halının yüksəldilməsinə yönələn tədbirlər də bunun bariz nümunəsidir”, - deyə o bildirib.
Qeyd edək ki, Aprel döyüşlərinin də iştirakçısı olan Rəşad Novruzov Vətən müharibəsi zamanı - 2020-ci ilin sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində aparılan hərbi əməliyyatlar zamanı yaralanıb. O, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.