İQTİSADİYYAT
Qazlaşdırılması səmərəli olmayan kəndlərin alternativ enerji ilə təminatına dair layihənin icrasına başlanılıb YENİLƏNİB
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanda “Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” üzrə layihənin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 28-də keçirilən seminarda Energetika nazirinin müavini Samir Vəliyev deyib. O bildirib ki, Energetika Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə keçirilən tenderin qalibi və layihənin icraçısı Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC olub. Buna görə də “Azalternativenerji MMC” tərəfindən yeni layihəyə dair ilkin seminar keçirilir.
Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda təbii qazın çəkilişi texniki baxımdan mümkünsüz və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib, bu məntəqələrdə də orta hesabla 11 yaşayış evi var.
Bildirilib ki, layihə çərçivəsində ölkədə enerji tələbatından asılı olaraq 4 təsnifat sinfi üzrə xüsusi texnoloji həllər hazırlanaraq təqdim olunacaq. Siniflər üzrə coğrafi yerləşmədən asılı olaraq fərqli enerji tələbatı mövcuddur. Buna görə də hər sinif üzrə xüsusi texnoloji həlləri hazırlanacaq.
ABOEMDA-nın sədr müavini Cəmil Məlikov deyib ki, layihənin məqsədi “Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına əsasən, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır. Layihənin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyyətin araşdırılması, bununla bağlı hazırlanmış təklifləri aidiyyəti qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.
Seminarda qazlaşdırılmamış kəndlərin enerji təminatı barədə məlumatlar verilib və “Alternativ enerji təchizatı variantları” üzrə icra planları, qrafiklər müzakirə olunub. Bundan başqa, enerji sahəsində beynəlxalq nüfuza malik Almaniyanın “88K” şirkətinin maye qaz sistemlərinin tətbiqi təcrübəsi üzrə təqdimatları olub. Təqdimatlarda şirkətin həll yolları və tətbiqləri üzrə təcrübəsi nümayiş edilib.