Qəbələdə fermerlərlə görüş: Yaz tarla işlərinə hazırlıq başlandı
Qəbələ, 11 aprel , AZƏRTAC
Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzində rayonda fəaliyyət göstərən fermer və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə təşkil edilən görüşdə yaz-tarla işləri, eləcə də aqrar sektorun digər sahələrindəki vəziyyət müzakirə olunub, rəy və təkliflər dinlənilib.
AZƏRTAC-ın bölgə müxbirinə Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, görüş zamanı fermerlərin üzləşdiyi çətinliklər, kənd təsərrüfatının inkişafı ilə bağlı problemlər və onların təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olunub, fermerlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.
O da qeyd olunub ki, yaz tarla işlərinin başlandığı bu günlərdə fermerlərin qarşılaşdığı qayğılar diqqətdə saxlanılacaq, qaldırılan məsələlərin birgə həlli istiqamətində iş aparılacaq. Bununla yanaşı, qarşıdakı tarla mövsümündə də fermerlərlə mütəmadi əməkdaşlıq əlaqələri qurulacaq, əkin, biçin və sair işlərdə birgə fəaliyyət mexanizmləri yaradılacaq.
Müxbir - Rasim İslamoğlu