Qəbələdə indiyədək vətəndaşlara 18 min dozadan çox vaksin vurulub
Qəbələ, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qəbələ rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Bu günədək Qəbələ rayonu üzrə vətəndaşlara 18 min 326 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 11 min 691 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 6 min 635 nəfərdir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.