Qəbələdə tikinti işlərinin həcmi 25,4 faiz artıb
Qəbələ, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2019-cu ildə Qəbələ rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 10 milyon 951 min manat və ya 3,5 faiz artaraq 320 milyon 205 min manat olub. Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalı 3,4 faiz, rabitə xidmətlərinin həcmi 5,7 faiz, ticarət xidmətləri 2,1 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın həcmi 80 milyon 708 min manat təşkil edib. İl ərzində rayonda 2685-i daimi olmaqla 3206 yeni iş yeri açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 25-də Qəbələ rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin hesabat məruzəsində bildirilib ki, 2019-cu il Qəbələ rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Oktyabrın 28-də reallaşan səfər zamanı dövlətimizin başçısı bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak edib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda 78,8 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Tikinti işlərinin həcmi əvvəlki illə müqayisədə 25,4 faiz artıb.
Müşavirədə 2019-cu ildə aqrar sektorda, həmçinin əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.