Qəbələdə Ulu Öndərə həsr olunan futzal üzrə xatirə turnirinin qalibləri müəyyənləşib
Qəbələ, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Qəbələdə keçirilən futzal üzrə xatirə turniri başa çatıb. Qəbələ Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 16 komanda mübarizə aparıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yekun nəticələrə əsasən, FHN-in Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası turnirin qalibi adını qazanıb. Rayon polis şöbəsinin və Qəbələ Beynəlxalq Hava Limanının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib komandalara, hakimlər heyətinə və turnirdə fərqlənən oyunçulara kubok və diplomlar təqdim edilib.