Qəlbin və qələmin hesabatı – Çağdaş poeziyamızın nəğməkarı
Tanınmış şair Yusif Nəğməkarın 70 illik yubileyi qeyd olunub
Bakı, 12 iyun, AZƏRTAC
70 il - ömrün zirvəsi, həyatın hesabat məqamıdır. Bu yaş, təkcə rəqəm deyil, geridə qalan illərin, çəkilən zəhmətlərin, qazanılan uğurların, yazılan sözlərin, yaşanan duyğuların sükutlu zirvəsidir. İnsan bu yaşda arxaya boylanır, illərlə tikilən mənəvi saraya nəzər salır...
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 12-də Azərbaycan Yazıçılar Birliyində (AYB) “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin və AYB-nin birgə təşkilatçılığı ilə şair-publisist Yusif Nəğməkarın 70 illik yubileyinə həsr olunan “Çağdaş poeziyamızın nəğməkarı” adlı kitabın təqdimatı zamanı deyilib.
Təqdimatdan əvvəl jurnalistlərə açıqlamasında Yusif Nəğməkar söyləyib ki, bu kitab qəlbin və qələmin hesabatıdır. “Kitabda toplanan elmi-təhlil məqalələr, mənim yaradıcılığıma verilən dəyərin nişanəsidir. Xalq yazıçısı Mirzə İbrahimovun, Xalq şairləri Bəxtiyar Vahabzadə və Rəsul Rzanın haqqımda söylədikləri sözlər bu səhifələrdə bir ömrün güzgüsünə çevrilir. Onların dərin düşüncələri, incə müşahidələri, mənə verilən mənəvi qiymət, bu toplunun ruhunu təşkil edir”,- deyə Y.Nəğməkar əlavə edib.
Tədbirdə çıxış edən kitabın məsləhətçisi, akademik Nizami Cəfərov Yusif Nəğməkarın yaradıcılığından söhbət açıb: “Yusif Nəğməkar təkcə şair deyil, o həm də xalqın ruhunu özündə yaşadan bir ziyalıdır. Onun yaradıcılığı ilə xalqın yaddaşı arasında qırılmaz bir bağ var. Şair hisslərinin dalğasında üzməyi sevir, lakin bu dalğaların içində daim dərin düşüncə, ahəng və harmoniya hökm sürür. Onun “Ələsgər zirvəsi” poeması isə bir daha sübut edir ki, o, xalq ədəbiyyatının qan yaddaşını yaşadan sənətkardır”.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli Yusif Nəğməkarı yalnız söz ustadı deyil, həm də gözəl bir səs sahibi olduğunu deyib: “O, həm gözəl ifaçı, həm də fəxr ediləsi ziyalıdır. Yusif müəllimin şeirlərində fəlsəfi dərinlik, mənəvi zənginlik, insanın daxili dünyasına enmək bacarığı var. Mən ona Dədə Ələsgərin ömrü qədər uzun və mənalı bir ömür arzulayıram”.
AYB-nin katibi Elçin Hüseynbəyli Yusif Nəğməkarı səmimi sənətkarlarımızdan biri kimi dəyərləndirib və ona Azərbaycan Yazıçılar Birliyinin diplomunu təqdim edib.
Tədbirdə tənqidçi ədəbiyyatşünas Əsəd Cahangir "Yusif Nəğməkar yenilikçi şair kimi" mövzusunda məruzə edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, professorlar Qurban Bayramov, Asif Rüstəmli, Vaqif Yusifli, Ələddin Allahverdiyev, İbadulla Ağayev, Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri İlham Pirməmmədov, şair-publisist Əli Rza Xələfli, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, Gülnar Səma, Adilə Aslanova, Səhər Çəhlim, İlqar Türkoğlu və başqaları Yusif Nəğməkar yaradıcılığının bədii keyfiyyətlərindən söz açıblar.
Tədbirdə Yusif Nəməkarın şeirlərinə bəstələnən mahnıları ifa edən Xalq artisti Niyaməddin Musayev şair haqqında fikirlərini bölüşüb.
Sonda Yusif Nəğməkara AYB, "Dədə Ələsgər Ocağı" İctimai Birliyi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəxri diplomları təqdim olunub. Həmçinin şair Beynəlxalq Atatürk Medalı ilə mükafatlandırılıb.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən şair yeni şeirlərini səsləndirib.