REGİONLAR
Qərb bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb










Gəncə, 26 fevral, AZƏRTAC
Ölkəmizin bütün ərazilərində olduğu kimi, qərb bölgəsində də Xocalı soyqırımının 32-ci ildönümü yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samux, Şəmkir və Naftalan rayonlarında Xocalı soyqırımın 32-ci ildönümü dərin hüznlə yad olunub.
Anım mərasimlərində icra hakimiyyətlərinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbi hissələrin şəxsi heyəti iştirak ediblər.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar qərb rayonlarının idarə, müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil olunub.
Bildirilib ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır.