REGİONLAR
Qərb təşkilatı ilk dəfə Qarabağda seçkilərlə bağlı sosioloji sorğu keçirib VİDEO
![Qərb təşkilatı ilk dəfə Qarabağda seçkilərlə bağlı sosioloji sorğu keçirib VİDEO](/files/2024/1/1200x630/17068785423938620070_1200x630.jpeg)
Şuşa, 2 fevral, T.Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda 3 min seçici arasında sorğu aparmışıq. Ümumiyyətlə, Qərb təşkilatı olaraq ilk dəfə Qarabağda seçkilərlə bağlı sosioloji sorğu keçirdik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Vlada Galan bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sorğuya, ümumilikdə, Azərbaycanın müxtəlif rayonlarından 3 min respondent cəlb edilib. Bunlardan 24,1 faizi Bakıdan, 8,3 faizi digər böyük şəhərlərdən, 21,3 faizi kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3 faiz) kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,3 faizi (1479 nəfər) qadın, 50,7 faizi (1521 nəfər) kişi olub. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 36,2 faizi 18-34 yaş arası, 39,0 faizi 30-54 yaş arası, 24,8 faizi 55 və daha çox yaşda insanlar olub. Respondentlərin 24,1 faizi Bakı, 4,8 faizi Naxçıvan, 6,1 faizi Abşeron-Xızı, 3,4 faizi Dağlıq Şirvan, 6,4 faizi Gəncə-Daşkəsən, 6,8 faizi Qarabağ, 7,2 faizi Qazax-Tovuz, 5,9 faizi Quba-Xaçmaz, 10,0 faizi Lənkəran-Astara, 7,8 faizi Mərkəzi Aran, 6,6 faizi Şəki-Zaqatala, 5,3 faizi Şirvan-Salyan bölgələrindəndir.