SİYASƏT
Qərbi Avstraliyanın nüfuzlu qəzetində Azərbaycan haqqında məqalə dərc edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Avstraliya İttifaqının Qərbi Avstraliya ştatının nüfuzlu “The West Australian” qəzetində jurnalist Kim Maqdonaldın Azərbaycan haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan jurnalist məqaləsində ölkəmizlə bağlı təəssüratlarını bölüşür.
Müəllif Qərbi Avstraliyanın Pert şəhəri ilə Bakı şəhərini müqayisə edərək çoxlu oxşarlıqların olduğunu vurğulayır. O, iqtisadi resurslarla zəngin hər iki şəhərin meqalayihələrin həyata keçirildiyi məkan olduğunu qeyd edir. Bildirir ki, hər iki şəhər dünyəvi, təhsilli cəmiyyəti ilə seçilir.
Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini və bunu qarşısına məqsəd qoyduğunu qeyd edən müəllif ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrdən bəhs edir. O vurğulayır ki, belə təşəbbüslərdən danışarkən böyük İpək Yolunun mühüm hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək lazımdır.
Müəllif yazır ki, Azərbaycanda gənclərin əksəriyyəti ingilis dilində danışa bilir. ADA Universitetində gənclər ingilis dilində təhsil alırlar.
Məqalədə vurğulanır ki, Azərbaycan hökumətinin fəal səylərindən biri də ölkəyə xarici investisiyaların cəlb edilməsidir.
Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəfin fikirlərinə yer verən jurnalist diqqətə çatdırır ki, ölkədə əczaçılıq, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi yolları araşdırılır. Azərbaycandakı biznesin etibarlı olduğunu vurğulayan “Caravel Minerals” şirkətinin sahibi Markel Hilmer bildirir ki, ölkədə vergi sistemi əlverişlidir. Azərbaycanın mədənçilik sahəsi Avstraliya biznesmenləri üçün gözəl imkandır. Avstraliya biznesmenləri mədənçiliyin sərvətə çevrilməsinə yardımçı ola bilərlər. Azərbaycan mis, qızıl, filiz kimi nadir minerallarla zəngindir.
Yazıda Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun ölkəmizdə xarici investorlar üçün yaradılan münbit şərait barədə fikirləri diqqətə çatdırılır.
Müəllif, həmçinin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevin, Azərbaycanın Avstraliya İttifaqındakı fəxri konsulu Aydan Rzayevanın ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı fikirlərinə yer verir.