Qərblə şərqin görüşü: ABŞ-də Azərbaycan musiqisi sədaları
Bakı, 19 mart, AZƏRTAC
ABŞ-nin Konnektikut ştatının Hartford Universitetində “Qərblə şərqin görüşü” adlı konsert keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, konsert Dövlət Komitəsinin dəstəyi, Konnektikut ştatında yaşayan azərbaycanlı musiqiçi, Hartford Universitetinin professoru Kamilla Məmmədovanın təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Azərbaycan və onun zəngin mədəni irsindən bəhs edən videoçarx nümayiş olunub.
K.Məmmədova çıxış edərək Azərbaycan musiqi mədəniyyətinin tarixi, milli ənənələri və bu irsin dünya xəzinəsinə verdiyi dəyərlər haqqında danışıb. Belə tədbirlərin mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Amerikalı musiqiçi, kamança ifaçısı, Amerika Muğam Cəmiyyətinin rəhbəri Cefri Verbok Azərbaycan muğam sənətinin zəngin ənənələri və çoxəsrlik tarixindən bəhs edib. Bu musiqi irsinin bəşəri dəyərləri əks etdirdiyini və improvizasiya xüsusiyyətləri ilə seçildiyini diqqətə çatdırıb.
Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və Tofiq Quliyevin əsərləri ilə yanaşı, xalq mahnılarından nümunələr səsləndirilib. Cefri Verbok Templ Universitetinin doktorantı, skripka ifaçısı Azər Dəmirovun müşayiəti ilə “Segah” və “Qarabağ şikəstəsi” muğamlarını ifa edib. Amerikalı pianoçu Kolin Kristinin təqdim etdiyi “Qaytağı” rəqsi, amerikalı ifaçı Sofiya Zayın səsləndirdiyi “Azərbaycan” və “Qərənfil” mahnıları, eyni zamanda, A.Dəmirovun kamançada ifası və K.Məmmədovanın pianoda müşayiəti ilə təqdim olunan Üzeyir Hacıbəylinin “Sevgili canan” əsəri və məşhur “Küçələrə su səpmişəm” xalq mahnısı dinləyicilərin marağına səbəb olub.
Sonda ifaçılara hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.