Qeyri-sabit hava ayıların yaşayış məntəqələrinə gəlməsinə səbəb olur
Balakən, 14 dekabr, AZƏRTAC
Son vaxtlar vəhşi təbiət heyvanları tez-tez dağdan yaşayış məntəqələrinə enir, təsərrüfatlara zərər verir, sakinlər arasında qorxu, təşviş yaradır.
AZƏRTAC xəbər verir ki, qış fəslinin astanasında olmağımıza baxmayaraq Şimal-Qərb bölgəsinin dağətəyi və aran kəndlərində bir neçə müddət əvvəl ayılar müşahidə olunmağa başlayıb. Şəkinin Baltalı və Zəyzid kəndlərində ayılar sakinlər tərəfindən dəfələrlə yaşayış məntəqələri ərazisində müşahidə olunsalar da təsərrüfatlara heç bir zərər vurmayıb. Lakin Balakənin Mahamalar kəndində bu vəhşi təbiət canlıları fərdi təsərrüfatlara xeyli zərər vurublar. Sakinlər tərəfindən müxtəlif qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq ayılar demək olar hər axşam Mahamalar kəndinə gəlir.
Mahamalar kəndi Böyük Qafqazın yamaclarına yaxın ərazilərdə yerləşir. Kəndin elə evləri var ki, təsərrüfatlar dağların ətəyində ya da ona yaxın ərazilərlə birləşir. Belə yerlərdə təsərrüfatı ilə dağ-meşə massivi arasında daş hasar, dəmir sədlər çəkdirə bilməyənlər son həftələr ayıların hücumuna məruz qalır.
Təsərrüfatı dağa bitişik olan kənd sakinlərindən biri də Hürü Musayevadır. Bu yaşlı qadının ailəsinin əsas gəlir mənbəyi arıçılıqdır. Hürü Musayevanın sözlərinə görə son iki həftə ərzində ayılar onun 80 arı ailəsindən 60-nı dağıdıb, ailənin qış azuqəsini yeyiblər.
Ayılardan zərər çəkənlərdən biri də Əsabəli Xəlilovdur. Deyir ki, Hürü xanımdan fərqli olaraq onun evi və arıçılıq təsərrüfatı dağdan bir qədər aralıdır. Ayılar isə artıq gecələr deyil günün istənilən vaxtı kənddə peyda olur. Adətən bu vəhşi heyvanlar tonqal və fənər işığından hürküb gedərdilər. Son vaxtlar bu tədbirlərin də heç bir faydası yoxdur.
Sakinlərin üzləşdiyi problemlə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, qeyd edilən dağlıq-meşəlik sahələr Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə düşdüyündən vəhşi heyvanlar da həmin istiqamətdən kəndə enir. Onlar ancaq müvafiq qurumu məlumatlandırmaqla kifayətlənməli olub. Axı adıçəkilən heyvanları məhv etmək qəti qadağandır.
Məsələni AMEA-nın Şəki Regional Elmi Mərkəzin əməkdaşları ilə müzakirə etdik.
AMEA, Şəki Regional Elmi Mərkəzin şöbə müdiri Yusif Rəhimov bildirdi ki, baş verən proseslərin əsas səbəbi qeyri-sabit hava şəraiti, iqlim şəraitinin dəyişməsi, daha çox isə isti keçməsidir. Digər tərəfdən ayıların dağlarda yem ehtiyatı da tükəndiyi üçün onlar yaxınlıqdakı yaşayış məntəqələrinə enmək məcburiyyətində qalır. Yusif müəllim sözlərinə onu da əlavə etdi ki, ekspert qiymətləndirmələrinə görə qonur ayının Azərbaycan ərazilərindəki sayı onların şimala doğru miqrasiyasını nəzərə almaqla, təqribən 500-700 baş arasında dəyişir. Böyük Qafqazın cənub yamaclarında da son illər onların sayı durmadan artıb və haradasa min başı ötüb.
Regional Elmi Mərkəzin əməkdaşı bir məsələni də sakinlərin xüsusi diqqətə çatdırır ki, bütün hallarda ayılarla qarşılaşdıqda onları əsəbiləşdirməyəcək şəkildə davransınlar və uzaq dayanıb hərəkətlərinə mane olmasınlar.