Qəyyumluqda olan uşaqlarla bağlı monitorinq aparılıb
İsmayıllı, 3 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllıda qəyyumluğa və himayəyə verilmiş uşaqlarla bağlı monitorinq aparılıb. İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən aparılan monitorinqin əsas məqsədi uşaqların hüquqlarının qorunması və sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların təhsil, sağlamlıq və psixoloji vəziyyətini öyrənmək, gündəlik qayğı ilə təmin olunması meyarlarını qiymətləndirməkdən ibarətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinq çərçivəsində qəyyumların öhdəlikləri icra etmə səviyyəsi, uşaqlara göstərilən diqqət və qayğı, onların inkişafına yaradılan şərait, dövlət tərəfindən ayrılmış müavinət və sosial xidmətlərin təyinatı üzrə istifadə olunması da yoxlanılıb.
Aparılan monitorinqin nəticələrinə əsasən, uşaqların rifah halının yaxşılaşdırılması, onların inkişaf ehtiyaclarının daha dolğun ödənilməsi və xidmətlərin səmərəliliyinin artırılması məqsədilə müəyyən təkliflər irəli sürülüb.
Monitorinq zamanı, həmçinin münaqişə qurbanı olmuş və Azərbaycan vətəndaşı olan uşaqların ölkəyə qaytarıldıqdan sonra reabilitasiyası və cəmiyyətə reinteqrasiyası məsələsinə də xüsusi diqqət yetirilib. Bu istiqamətdə uşaqların psixoloji dəstək alması, sosial bacarıqlarının bərpası, təhsilə uyğun şəkildə inteqrasiya olunması və ailə mühitinə alışmasına diqqət yetirilib. Komissiya üzvləri aidiyyəti qurumlar tərəfindən həmin uşaqlara göstərilən reabilitasiya və sosial xidmətlər barədə ailələrlə söhbət aparıb.
Qeyd edək ki, monitorinqlər mütəmadi olaraq davam etdiriləcək.