Qida Təhlükəsizliyi Agentliyi bu ilin ilk rübü ilə əlaqədar statistik məlumatları açıqlayıb
Bakı, 22 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinə bu ilin ilk üç ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə əlaqədar 1973 müraciət daxil olub. Həmin müraciətlərdən 1884-ü ilə əlaqədar qərar qəbul edilib və onlara “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub. İlin üç ayı ərzində qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərində "Yoxlamaların vahid məlumat reyestri"ndən alınmış çıxarış əsasında ümumilikdə qida təhlükəsizliyi tələbləri ilə əlaqədar 528 yoxlama keçirilib.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qanunvericiliyə uyğun olaraq müvafiq qaydada inzibati tənbehvermə, zərərsizləşdirmə, məhvetmə, utilizasiya və məhdudlaşdırıcı tədbirlər barədə qərarlar qəbul edilib. Həmin dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı istehlak üçün yararsız ümumilikdə 775 milyon 229 min 206 kiloqram, 83 min 838 litr və 6 min 398 ədəd məhsul məhv edilib, 219 min 459 kiloqram məhsul zərərsizləşdirilib, 34 min 350 kiloqram məhsul isə utilizasiya olunub.