Qırğızıstan parlamentində TürkPA-nın nümayəndə heyəti ilə görüş olub
Bişkek, 15 sentyabr, AZƏRTAC
Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Cumabekov TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının dördüncü, sosial, mədəni və humanitar məsələlər komissiyasının 6-cı iclaslarında iştirak etmək üçün Bişkekə gələn Azərbaycanın, Qazaxıstanın və Türkiyənin nümayəndə heyətləri, həmçinin Qırğızıstan parlamentinin TürkPA-da təmsil olunan deputatları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin Sədri Əhliman Əmiraslanov və sosial, mədəni və humanitar məsələlər komissiyası sədrinin müavini Sevinc Hüseynova da iştirak ediblər.
Parlamentin sədri Bişkekdə TürkPA-nın komissiya iclaslarının uğurla keçməsindən məmnun olduğunu bildirib, “Manas” kinoteatrında türkdilli xalqların filmləri günlərinin açılmasını alqışlayıb. O deyib ki, komissiyalarda müzakirə edilmiş məsələlər və qəbul olunmuş qərarlardan xəbərdardır.
Parlamentin sədri TürkPA çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin, türkdilli ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin yeni səviyyəyə qaldırılmasının vacibliyindən danışıb.
Əhliman Əmiraslanov komissiyaların yüksək səviyyədə keçirilməsinə şərait yaratdıqlarına görə parlamentin sədrinə minnətdarlıq edib. O, komissiyanın iclasında müzakirə olunan məsələlər haqqında da məlumat verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek