SİYASƏT
Qırğızıstan parlamentinin sədri: Azərbaycanla bütün sahələrdə əlaqələrimiz inkişaf edir
Bişkek, 5 dekabr, АZƏRTAC
Son illər Qırğızıstan ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Qırğızıstan parlamenti-Jokorku Keneşin sədri Dastanbek Jumabekov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşdə söyləyib.
Parlamentin sədri Azərbaycan xalqının dost və qardaş xalq olduğunu bildirib. O, Qırğızıstanın Azərbaycanı təkcə sıx əməkdaşlıq etdiyi ölkə kimi yox, həm də dar gündə yanında olan qardaş dövlət kimi qəbul etdiyini deyib. Sədr hər zaman Azərbaycanın dəstəyini hiss etdiklərini, yalnız parlamentlərarası sahədə deyil, bütün sahələrdə əlaqələrin inkişafı üçün xüsusi proqramın hazırlanacağını bildirib.
Dastanbek Jumabekov 2016-cı ildə ölkədə keçirilən ikinci Dünya Köçəri Oyunlarında Azərbaycandan böyük nümayəndə heyətinin iştirakının Qırğızıstan üçün böyük önəm daşıdığını söyləyib.
Hidayət Orucov Dastanbek Jumabekovu parlamentin sədri seçilməsi münasibətilə təbrik edib, parlamentlərarası əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb. Səfir Azərbaycan xalqı və dövləti ilə bağlı xoş sözlərinə görə ona təşəkkür edib, hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının, həmçinin hakim partiyalar arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Diplomat Qırğızıstan komandasının IV İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə iştirak etdiyini və medal sıralamasında 10-cu yeri tutduğunu deyib. O, Oyunlarda iştirak edən MDB ölkələri arasında Özbəkistandan sonra ən yaxşı nəticəni qazanan Qırğızıstanın 2-ci yerdə olduğunu vurğulayıb, bunu ölkə idmançılarının böyük uğuru kimi qiymətləndirib.
Hidayət Orucov dünya şöhrətli qırğız yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun yubiley tədbirlərinin ölkəmizdə də keçirildiyini, ədibin Bakıda keçirilmiş 80 illik yubileyində Azərbaycan Prezidenti İlham Əliyevin onu “Dostluq” ordeni ilə təltif etdiyini qeyd edib. Səfir 2018-ci ildə ölkəmizdə görkəmli yazıçının 90 illik yubileyinin keçiriləcəyini vurğulayıb.
Dastanbek Jumabekov Çingiz Aytmatova verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlıq edib.
Görüşdə bu il dekabr ayının 7-8-də TürkPA-nın Bişkekdə keçiriləcək 7-ci plenar iclası və iclasda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun iştirakı ilə bağlı təşkilati məsələlər də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek