Qırğızıstan səfiri: Şəhərlərimiz arasında əməkdaşlığın inkişafı üçün böyük planlar var VİDEO
Xankəndi, 11 sentyabr, AZƏRTAC
Qırğızıstan və Azərbaycan müttəfiqlik münasibətlərini bundan sonra da dərinləşdirməli, iki ölkə arasında imzalanmış Müttəfiqlik haqqında müqavilə konkret addımlar və birgə layihələrlə dəstəklənməlidir.
Bunu AZƏRTAC-a müsahibəsində Qırğızıstanın ölkəmizdəki səfiri Maksat Mamıtkanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində deyib.
Diplomat iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərinin ikitərəfli əlaqələrə yeni impuls verdiyini vurğulayıb.
Qarabağda aparılan bərpa işlərindən danışan M.Mamıtkanov burada görülən işlərin yüksək sürətlə həyata keçirildiyini qeyd edib. “Mən artıq üçüncü dəfədir Xankəndiyə gəlirəm. Burada baş verən dəyişikliklər hər dəfə məni heyrətləndirir”, – deyə diplomat bildirib.
O, bərpa işlərinin gedişindən məmnunluğunu ifadə edib və Qırğızıstanın Azərbaycanla, o cümlədən regionlararası səviyyədə əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu qeyd edib.
Səfir, həmçinin Qırğızıstanın Ağdam rayonunun Xıdırlı kəndində məktəb inşa etdiyini xatırladıb və iki ölkənin şəhərləri arasında əməkdaşlığın inkişafı ilə bağlı böyük planların olduğunu vurğulayıb.