QİYMƏTLİ KAĞIZLAR BAZARININ İNKİŞAFI ÜÇÜN YENİ LAYİHƏ
Katibliyin 2 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı layihəni Beynəlxalq Valyuta Fondunun (BVF) Texniki idarəetmə ofisi həyata keçirəcəkdir. Üçillik layihənin ümumi məbləğinin 30 faizi Azərbaycan üçün nəzərdə tutulmuşdur.
Azərbaycan üçün layihədən məqsəd dövlət qiymətli kağızlar bazarının dövriyyəsini və əhatə dairəsini inkişaf etdirmək, Maliyyə Nazirliyi ilə Milli Bank arasında mövcud əlaqələri daha da gücləndirmək, qiymətli kağızlar qanunvericiliyini icmal etmək, tövsiyələr verməkdən ibarətdir. Bundan əlavə, layihə mövcud dövlət qiymətli kağızlarının rəqabət qabiliyyətini gücləndirməyi, Milli Bankın valyuta siyasəti həyata keçirilərkən qarşıya çıxan problem və imkanların daha da yaxşı idarə edilməsinə yardım göstərməyi nəzərdə tutur.
Layihə ümumi fiskal və monetar siyasət şəraitini və vasitələrini təkmilləşdirəcək, əlavə pul axınının cəlb edilməsi məqsədi ilə qiymətli kağızlar bazarını inkişaf etdirəcək, inflyasiyanın qarşısını almaq üçün valyuta siyasətinin səmərəliliyini artıracaqdır.
Sözügedən layihə “Yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramı, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Prezident Fərmanına uyğun tərtib edilmişdir.