Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Pion çiçəyi çox vaxt “güllərin şahı” və ya zərifliyin simvolu kimi xarakterizə olunur. Şərq mədəniyyətində sevgi və uğurun rəmzi sayılan bu çiçək öz ətri, incə görünüşü və estetik dəyəri ilə dünyanın ən sevilən dekorativ bitkiləri sırasında yer alır.
AZƏRTAC-ın əməkdaşları Maştağa qəsəbəsindəki istixanada pion güllərinin yetişdirilmə sirləri ilə tanış olublar.
Dünyada geniş yayılmış pionun vətəni qədim Çin hesab olunur. Onu digər çiçəklərdən fərqləndirən təkcə göz oxşayan görünüşü deyil, həm də uzunömürlü olmasıdır. Zərərvericilərə qarşı davamlı olması pionu fermerlər üçün cəlbedici edir.

Aqronom Günel Həmidovanın sözlərinə görə, piona düzgün aqrotexniki qulluq göstərildikdə eyni sahədə 15-17 ilə qədər yetişdirilə bilir. Onun inkişaf mərhələsində xüsusilə buton dövrü önəm daşıyır. Bu mərhələdə kalium, kalsium və bor elementləri çiçəyin formalaşmasına və daha güclü inkişafına təsir göstərir.

Pionun yetişdirilməsi səbir və düzgün şərait tələb edir. Qum tərkibli, hava keçiriciliyi yüksək olan torpaqlar bu bitki üçün ideal sayılır. Abşeronun torpaq və iqlim xüsusiyyətləri pion üçün əlverişli mühit yaradır. Günəşi sevən bu çiçək gündə ən azı 6 saat işıq aldıqda daha iri və sağlam qönçələr açır.

Pion sahədə uzun illər qala bilsə də, çiçək kimi ömrü daha qısadır. Kəsilmə forması və satış məqsədindən asılı olaraq saxlama müddəti dəyişir. Buton halında yığıldıqda daha uzun müddət dayanıqlılıq göstərir, buket üçün isə bir qədər açılmış qönçə mərhələsi seçilir.

Gözəlliyi ilə tez-tez qızılgüllə səhv salınan pionlar, əslində, quruluş və tekstura baxımından fərqlidir. Pionların ləçəkləri daha yumşaq və zərifdir, yarpaq parıltısı isə nisbətən azdır. Qızılgüllərdə isə daha sərt struktur və daha parlaq yarpaq müşahidə olunur.
Hazırda pionun 30-dan çox növü mövcuddur. Zərif görünüşü, uzunömürlülüyü və simvolik mənası ilə pionlar illərdir gözəlliyin dəyişməyən simvollarından biri olaraq qalır.