“QLOBAL BİZNES ETİKASI” PROQRAMI ÜZRƏ SESSİYA KEÇİRİLƏCƏKDİR
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Gənclərinin Nailiyyəti təşkilatının yerli təmsilçisi olan AGN ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və fərdi donorların dəstəyi ilə 2003-cü ildən “Qlobal biznes etikası” proqramı üzrə vaxtaşırı sessiyalar keçirir. Budəfəki sessiyada ölkənin 7 bölgəsindən 14 məktəb və 420 şagird iştirak edəcəkdir.
Sessiya müəllimlər üçün məşğələlərlə başlanacaqdır. Məşğələlərdə iştirak etmiş 14 müəllim oktyabrın 1-dən dekabrın 10-dək öz məktəblərində 30 şagirdə QBE kursu keçəcəkdir. Dekabrın 10-dək müəllimlərdən və AGN əməkdaşlarından ibarət münsiflər heyəti QBE-nin inşa müsabiqəsi üçün 5 şagird seçəcəkdir. Müsabiqə dekabrın 11-15-də keçiriləcək, dekabrın 26-da qalib müəyyən ediləcəkdir. Müsabiqənin qalibi beynəlxalq inşa müsabiqəsində və 2007-ci ilin yayında ABŞ-da keçiriləcək beynəlxalq biznes etikası konfransında iştirak edəcəkdir. Sessiya müddətində yüksək bal toplamış şagirdlərə sertifikatlar veriləcəkdir.