Qlobal iqlim strategiyasında Bakı dialoqu: real fəaliyyətə keçid - RƏY
Bakı, 10 sentyabr, AZƏRTAC
Dünya artıq iqlim dəyişikliyinin fəsadlarını, sadəcə, uzaq hesabatlardan oxumur, onu qlobal fəlakətlərin birbaşa təzyiqi altında yaşayır. Belə bir kritik dönəmdə qlobal güclərin və iqlim elitasının nəzərləri yenidən Bakıya yönəlib. “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026), COP29-un qlobal mirasını canlandıraraq beynəlxalq birliyi kağız üzərindəki vədlərdən konkret praktiki addımlara keçməyə məcbur edən əsas mərkəz statusunu qoruyur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Sənədlərlə iş və Arxiv şöbəsinin müdiri Kəramət Qənbərov söyləyib.
O bildirib ki, Bakıda bəşəriyyətin gələcəyi üçün səslənən həyəcan təbili və dünyaya verilən əsas mesaj olduqca konkretdir: iqlim vədlərinin vaxtı bitib, indi qlobal maliyyə və iqlim öhdəliklərini real sahədə dərhal tətbiq etmək zamanıdır.
"Regionumuzun ən böyük regional ekoloji yarası və qlobal çağırışı olan Xəzər dənizinin səviyyəsinin kritik şəkildə dəyişməsidir. Daxili su hövzələrinin quruması və sahildən sürətlə çəkilməsi dəniz logistikasına, beynəlxalq limanların fəaliyyətinə və sahilyanı infrastrukturun dayanıqlığına birbaşa ağır zərbə vurur. Bakı bu məsələdə, sadəcə, ekoloji fəlakətin təsviri ilə kifayətlənmir. Problemin aradan qaldırılması üçün Xəzəryanı ölkələrin birgə potensialının hərəkətə gətirilməsi, sahilyanı ərazilərin davamlılığına yönələn rəsmi investisiya layihələrinin işlənməsi və xüsusi maliyyə-adaptasiya fondlarının qurulması prioritet vəzifə kimi qarşıya qoyulur”, - deyə H.Qənbərov bildirib.
O qeyd edib ki, regionun beynəlxalq səviyyədə qəbul edilən yaşıl enerji qovşağına və qlobal yaşıl enerji dəhlizlərinə çevrilməsi üçün "Sərhədlərarası bərpaolunan enerji sertifikatları"nın (I-REC) vahid tətbiqi və beynəlxalq kapitalın dövlət-özəl tərəfdaşlığı (PPP) vasitəsilə cəlb edilməsi prioritet elan edilib. İqlim fəaliyyətində rəqəmsallaşma sahəsi üzrə isə "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrası olaraq, rəqəmsal infrastrukturun enerji səmərəliliyi istiqamətində praktiki addımlar atılır.
“Süni İntellekt və innovativ rəqəmsal transformasiya kənd təsərrüfatında tətbiq edilərək su və torpaq idarəçiliyini optimallaşdırır, fermerlərin imkanlarını genişləndirir və onları quraqlıq risklərinə qarşı tam davamlı edir. Nəhayət, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yekun sənədinə əsaslanan "Bakı Fəaliyyət Çağırışı" ilə maliyyə resurslarının birbaşa şəhər bələdiyyələrinə yönəldilməsi, inklüziv, yaşıl və iqlim şoklarına qarşı maksimum davamlı "Ağıllı Şəhərlər"in (Smart Cities) qurulması istiqamətində qətiyyətli addımlar atılır", - deyə K. Qənbərov əlavə edib.