Qobu qəsəbəsində velosiped və motosiklet oğrusu tutulub
Bakı, 18 iyun, AZƏRTAC
Abşeron rayonunun Qobu qəsəbəsində ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsəbə sakini Cavid Mirzəyev tutulub. Araşdırma zamanı onun evlərin girişlərində və yardımçı otaqlarında saxlanılan 10-a yaxın velosipedi oğurladığı məlum olub. C.Mirzəyevin oğurladığı velosipedləri paytaxt ərazisində dəyər-dəyməzinə satdığı müəyyənləşdirilib.
Polis əməkdaşları tərəfindən onun qəsəbədəki evinə baxış zamanı oğurluq velosipedlərdən bir neçəsi aşkarlanaraq maddi sübut kimi götürülüb. C.Mirzəyev ifadəsində, həmçinin paytaxtda “Şamaxinka” adlanan ərazidən bir motosiklet oğurladığını da bildirib.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.