Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Qobustan, 2 aprel, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qobustan rayonunun Nardaran kəndindən olan Cahangir Əmrah oğlu Baxışovun doğum günü uyuduğu kənd qəbiristanlığında, məzarı üstündə anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin rəhbərləri, şəhidin yaxınları, əsgərlər, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasiminə gələnlər şəhid Cahangir Baxışovun məzarına əklil və çiçəklər qoyub, ruhuna dualar oxuyublar. Çıxışlarda şəhidin 20 illik qısa, şərəfli ömür yolundan danışılıb. Qeyd olunub ki, Cahangir Baxışov 2001-ci il aprel 1-də dünyaya gəlib. İbtidai məktəbi doğulduğu kənddə, tam orta məktəbi isə Ərəbqədim kəndində başa vurub. Sonra həqiqi hərbi xidmətə gedib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlananda döyüşlərə qatılıb. Vətənpərvər bir oğul kimi igidcəsinə vuruşub. Oktyabrın 9-da Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Çıxışlarda Vətən müharibəsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi qələbə ilə başa çatdığı, Cahangir və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, erməni işğalçılarının diz çökdürüldüyü vurğulanıb.
Şəhidin atası Əmrah Baxışov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.