Quba rayonunda 68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşır
Bakı, 3 sentyabr, AZƏRTAC
Quba rayonunun 68 min əhalisinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən 46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir.
Layihə çərçivəsində yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü, yolun 43 və 46-cı kilometrlik hissəsində isə Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilib.
Babaçay üzərindən salınan körpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir.
Bundan başqa, avtomobil yolunun “Təngə dərəsi” kimi tanınan ərazisində, qayaların çapılması hesabına yolun hərəkət hissəsi 4 metrdən 10 metrə kimi genişləndirilib.
Quba rayonunun Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrini əhatə edən layihə yolboyu yaşayan əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq, rayonun turizm imkanlarını genişləndirəcək.