REGİONLAR
Quba və Qusarda çay yataqları 850 kiloqram bərk məişət tullantılarından təmizlənib




Quba, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Quba və Qusar rayonlarında keçirilən ekoloji aksiyalarda 4 hektar çay yatağı ümumilikdə 850 kiloqram bərk məişət tullantılarından təmizlənib.
5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təmizlik aksiyası Qudyalçay çayının Quba rayonu, Qəçrəş kəndi ərazisindən və Qusarçay çayının Qusar rayonu Qayakənd kəndi ərazisindən keçən hissələrində çayların kənarlarında həyata keçirilib.
İməclikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Quba və Qusar Suvarma Sistemləri İdarələrinin, həmçinin Quba və Qusarda fəaliyyət göstərən təmizlik idarələrinin əməkdaşları, gənc könüllülər və ictimaiyyət nümayəndələri iştirakı edib.
İməcilikdə toplanılan zibillər çeşidlənərək qablaşdırılıb və müvafiq qaydada ərazidən kənarlaşdırılıb.
Yüzdən çox vətəndaşın qatıldığı aksiya turizm zonasında yerləşən Qusarçay və Qudyalçay çayları ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə əhalini maarifləndirmək məqsədi daşıyır.