QUBA-XAÇMAZ VƏ BALAKƏN-ŞƏKİ BÖLGƏSİNİN ÇAYLARINDA ƏN YÜKSƏK SULULUQ MÜŞAHİDƏ OLUNUR
Bakı, 23 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aprel ayının 19-dan 20-nə keçən gecə və səhər yağan leysan yağışlar nəticəsində Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ bölgəsinin Şinçay, Kişçay, Talaçay, Balakənçay, Mazımçay, Kürmükçay, Əyriçay, Baş Daşağılçay, Zəyzitçay, Katexçay, Qaraçay, Dəhnəçay, Küngütçay, Əlicançay, Dəmiraparançay və Tikanlıçay çaylarından qısamüddətli daşqınlar keçmişdir.
Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda Gürcüstan ərazisində Qanıx çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, son 2 gün ərzində bu çayda suyun səviyyəsi 122 santimetr artmışdır.
Hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz və Balakən-Şəki bölgəsinin çaylarında müşahidə olunur və ongünlük normanın 100-173 faizini təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq normanın 55-73, Naxçıvan Muxtar Respublikası çaylarında 45-55, Lənkəran-Astara bölgəsi çaylarında isə 15-20 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 630 kubmetr/saniyə, yəni ongünlük normanın 88 faizini Qanıx çayından Mingəçevir su anbarına axım isə 333 kubmetr/saniyə, ongünlük normanın 187 faizini təşkil edir.
Son günlər hava şəraitinin əsasən yağmursuz keçməsi, eyni zamanda Mingəçevir su anbarından buraxılan suyun nisbətən azaldılması ilə əlaqədar Kür çayının aşağı axınında səviyyələrdə bir qədər azalma müşahidə olunmuşdur. Belə ki, Kürün Zərdab məntəqəsində suyun səviyyəsi 20, Surrada 25, Şirvanda 18, Salyanda 20, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində isə 31 santimetr azalmışdır.
Hazırda Kür çayının Surra məntəqəsində səviyyə 766 santimetr, Şirvanda 684 santimetr, Salyanda 696 santimetr, Bankədə 436 santimetr, Araz-Novruzluda isə 530 santimetr təşkil edir.
Aprelin 26-dək gözlənilən yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı ilə əlaqədar bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Kür çayının aşağı axınında isə səviyyənin yenidən artımı gözlənilir.