Qubada kənd və qonaq evlərini kirayəyə verən sahibkarların fəaliyyət imkanları araşdırılır
Quba, 26 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada kənd və qonaq evlərini kirayəyə verən sahibkarlar arasında sorğuya başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sorğu Dövlət Turizm Agentliyinin dəstəyi ilə Quba Destinasiya Menecmenti Təşkilatının əməkdaşları və Turizm Könüllüləri Təşkilatı tərəfindən aparılır.
Sorğuların məqsədi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən “Qonaq evlərinin və kənd evlərinin təkmilləşdirilməsi proqramı”nın həyata keçirilməsi üçün məlumatların toplanması, onlar tərəfindən yerli və əcnəbi turistlər üçün təklif olunan fəaliyyət növlərinin qeydə alınması və Azərbaycanın əsas turizm dəhlizlərindəki qonaq evləri və kənd evlərinin reyestrinin aparılmasıdır.
İlkin sorğular Qubanın Xınalıq, Qalaxudat, Nügədi, Amsar və Qəçrəş kəndlərində həyata keçirilib.