Qubanın “Şəfəq” qəzetinin 100 illik yubileyi qeyd olunub
Quba, 20 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 20-də Quba rayonunda nəşr edilən “Şəfəq” qəzetinin 100 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Quba Rayon İcra Hakimiyyətində qəzetin kollektivi ilə görüş keçirilib.
Çıxışlarda bildirilib ki, 145 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Prezident İlham Əliyevin qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsl həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Bu isə özünü bölgə nəşrlərinin timsalında da göstərir.
“Şərəf" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov bildirib ki, Azərbaycanın rayonları arasında ilk dəfə qəzet Qubada nəşr olunub. 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görən bu mətbu orqan, sonrakı vaxtlarda “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba” və “Quba” adlandırılıb. 1995-ci ildən isə qəzet “Şəfəq” adı ilə nəşr olunur.
Tədbirdə qəzetin kollektivinə fəxri fərmanlar və mükafatlar təqdim edilib.