SİYASƏT
Qubernator: ABŞ-ın Oreqon ştatı Azərbaycan ilə əməkdaşlığın qurulmasında maraqlıdır
Vaşinqton, 2 mart, AZƏRTAC
Azərbaycan ilə ABŞ-ın Oreqon ştatı arasında müxtəlif sahələrdə, xüsusilə limançılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Oreqon ştatının qubernatoru xanım Keyt Braun Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə görüşündə ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib.
Baş konsul qubernatora Azərbaycanın tarixi, müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu, tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. O, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğunu və ilk dəfə qadınlara səsvermə hüququnun məhz ölkəmizdə verildiyini diqqətə çatdırıb.
Diplomat, həmçinin Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söhbət açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. O, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Oreqon ştatına səfəri zamanı baş konsul N.Ağayev, həmçinin dövlət katibi Cin Atkins, hər iki partiyanı təmsil edən müxtəlif qanunvericilər, ştatın ən böyük şəhəri olan Portlandın meri Çarli Heyls ilə görüşlər keçirib, Portland Ştat Universitetində tələbələr qarşısında çıxış edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton