QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Sizi dünya müsəlmanlarının bərabərlik, humanizm və həmrəylik günü kimi qeyd edilən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək əxlaqi-mənəvi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən islamın bir din kimi tamamlanıb insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh inanclı insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmağın fərəhini təcəssüm etdirir.
Öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sadiq olan xalqımız hər il Qurban bayramını böyük təntənə ilə qeyd edir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin əmin-amanlığı və rifahı naminə dualar edilir. Bu əziz gündə bayram diləklərinizə qoşularaq, Azərbaycanın milli müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ölməz xatirəsini böyük ehtiramla yad edir, onların ailələrinə səbir diləyirəm.
Müstəqil Azərbaycan Respublikası artıq özünün hərtərəfli inkişaf mərhələsinə qədəm qoymuşdur. Xalqımızın milli-mədəni yüksəlişi, dövlətimizin davamlı siyasi-iqtisadi tərəqqisi ümummilli liderimiz, dövlət müstəqilliyimizin memarı Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının başlıca məqsədlərindəndir. Biz daim bu kursa sadiq qalacaq, cəmiyyətimizdə hökm sürən ictimai-siyasi sabitliyi, milli-mənəvi həmrəyliyi daha da möhkəmləndirməklə Azərbaycanın gələcək uğurlarını təmin edəcəyik.
Əziz bacı və qardaşlar!
Qurban bayramı xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. Bu əziz gündə hər birinizə, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza bayram təbriklərimi, çatdırır, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2006-cı il.