QURBAN BAYRAMI MÜNASIBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRIK
Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Müqəddəs Qurban bayramı İslamın bir din kimi tamamlanması və bununla da bəşər övladının mükəmməl əxlaqi dəyərlərə, əməli-saleh yaşayışa, doğru-düzgün həyat yoluna dəvət edilməsi ilə əlamətdardır.
Müsəlmanlar arasında mənəvi-ruhi birliyin, həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban mərasimləri, eyni zamanda, onların Allah yolunda və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarının təcəssümüdür. Məhz bu mübarək gündə inanclı insanlar Uca Tanrıya yaxınlığını, ilahi kəlama, mənəvi dəyərlərə bağlılığını könül xoşluğu ilə nümayiş etdirmək fürsəti əldə edirlər.
Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, respublikamızın tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Bütün xeyirxah dua və niyyətlərə qoşularaq, əmin olduğumu bildirirəm ki, builki Qurban bayramı da xalqımızın milli-mənəvi həmrəyliyinin, cəmiyyətimizdə şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Əziz bacı və qardaşlar!
Bu mübarək gündə hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2007-ci il.