Quş qripi ilə əlaqədar monitorinqlər aparılır
Bakı, 12 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı başlanan epizotoloji monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadası, Salyan Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl və Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edir.
Eyni zamanda, Xaçmaz, Şabran, Siyəzən, Ağcabədi, Qusar, Salyan və Lənkəran rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən ailə-kəndli təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülüb və epizotoloji məlumatlar toplanaraq təhlil edilib.
Hazırda monitorinqlər Bakı şəhəri və Abşeron, Lənkəran, Cəlilabad, Zərdab və Xızı rayonlarının ərazilərində davam edir. Həmçinin ölkə üzrə ailə və fermer təsərrüfatlarının sahibləri arasında quşlarda xəstəlik əlamətləri və ya tələfat halları barədə sorğu aparılmaqla, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, bu mövsümdə dünyanın bir sıra ölkəsində, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.