QUŞ QRİPİNƏ DAİR DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu (AESMF) tərəfindən təşkil edilən dəyirmi masada əlaqədar nazirliklərin, komitə və baş idarələrin, elm müəssisələrinin, quşçuluq fabriklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AESMF-nin prezidenti professor Rauf Sultanov, fondun eksperti İradə Yaqubova, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Xidməti rəisinin müavini Emin Şahbazov, Səhiyyə Nazirliyi taun əleyhinə stansiya direktorunun müavini Faiq Məmmədzadə, Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Çingiz Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Sədaqət Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə regional şöbəsinin müdiri İrşad Abbasov, “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Zakir Əzimov və başqaları dəyirmi masada çıxış etmişlər.
Qeyd olunmuşdur ki, hazırda quş qripi adlanan xəstəlik bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilmişdir. Dünyanın ayrılmaz hissəsi olan Azərbaycan da bu təhlükədən sığortalanmamışdır. Ona görə də respublikamızda bu məsələ ilə əlaqədar geniş tədbirlər planı həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan işçi qrupu artıq fəaliyyətə başlamışdır.
Dəyirmi masada bu virusla əlaqədar yayılan məlumatların dəqiq olması, mövcud vəziyyət və görülən profilaktiki tədbirlər barədə silsilə məlumatların verilməsi tövsiyə edilmişdir. Bu təhlükəli xəstəliyə qarşı birlikdə mübarizə aparmaq zərurətinin meydana çıxdığı indiki vaxtda əhali arasında maarifləndirmə kampaniyasının daha geniş miqyasda aparılması olduqca vacibdir.
Tədbirdə jurnalistlərin suallarına cavab verilmiş, quş qripi ilə əlaqədar həyata keçiriləcək tədbirlərin səmərəliliyini artırmaq üçün ölkə ictimaiyyətinə bəyanat qəbul edilmişdir.