Qusarda “Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda konfrans təşkil olunub
Qusar, 7 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Bu gün xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik Lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Heydər Əliyev İli” və Quba Soyqırımı Memorial Kompleksinin fəaliyyətinin 10 illiyi ilə əlaqədar təşkil olunan “Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda elmi-praktiki konfransda bildirilib.
Qusar Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Qusar rayon təşkilatı və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov çıxış edərək, dövlətçilik ənənələrimizin formalaşmasında Ulu Öndər Heydər Əliyevin danılmaz rolundan danışıblar. Bildirilib ki, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir.
Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə Ümummilli Lider, müdrik siyasi xadim Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb. Bildirilib ki, Heydər Əliyevin hakimiyyəti dövründə xalqın sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılıb, təhrif edilmiş hadisələr əsl qiymətini alıb.
Tədbirdə Memorial Kompleksin direktor müavini Mehriban Əliyeva “Heydər Əliyev və dövlət quruculuğu”, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycanda dövlətçilik strategiyası”, Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Arzu Bağırova “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”, kompleksin əməkdaşları Səriyyə Abidova “Heydər Əliyevin Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti”, Ülkər Zeynalova “Heydər Əliyev və Azərbaycanda mədəniyyət sahəsi” adlı elmi məruzələri ilə çıxış ediblər.
Konfransda azərbaycanlıların soyqırımı ilə bağlı tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasındakı fəaliyyətinə görə Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova Fəxri fərmanla təltif edilib.