Qusarda məişət tullantılarının çeşidlənməsi müəssisə yaradılır
Qusar, 24 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda məişət tullantılarının idarə edilməsi və təbiətə vurulan zərərlərin azaldılması məqsədilə “QusarEcoPark” investisiya layihəsi çərçivəsində, tullantıların konveyer-nəzarət üsulu ilə çeşidlənməsi müəssisəsi yaradılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaradılacaq müəssisədə gündəlik Qusar rayonundan çıxan 25-30 ton məişət tullantısı çeşidlənərək, faydalı hissəsi təkrar istehsala qaytarılacaq. Bu da ildə 10 min tondan artıq tullantının çeşidlənməsi deməkdir. İlkin mərhələdə müəssisədə 10 nəfər üçün yeni iş yeri açılacaq. Gələcəkdə görüləcək işlərin həcmi artdıqca işçilərin sayı da artırılacaq. Layihənin reallaşması üçün 150 min manat məbləğində investisiya qoyuluşu nəzərdə tutulub.
Qusar Rayon İcra Hakimiyyətinin, “QusarEcoPark” MMC-nin rəhbərliyi, rayonda fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi, həmçinin əlaqədar idarə və müəssisələrinin mütəxəssislərinin iştirakı ilə müəssisənin tikintisi nəzərdə tutulan ərazidə keçirilən görüşdə layihə ilə bağlı məsələlər müzakirə edilib, əlaqədar şəxslərə müvafiq tapşırıqlar verilib.
Görüşdə bildirilib ki, dünyada, həmçinin ölkəmizdə tullantılardan səmərəli istifadə etməklə təkrar istehsalına xüsusi önəm verilir. Həm də bu layihə sosial-iqtisadi məqsəd daşıdığı üçün yeni iş yerlərinin yaradılmasına, ekologiyaya mənfi təsirlərin aradan qaldırılmasına istiqamətlənib.