RABİTƏ NAZİRİ MİCROSOFT KORPORASİYASININ RƏHBƏRLİYİ İLƏ GÖRÜŞMÜŞDÜR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Vaşinqton ştatının Redmond şəhərində yerləşən korporasiyanın mənzil-qərargahında keçirilən görüşdə informasiya-kommunikasiya texnologiyalarının inkişafının qlobal tendensiyaları, cəmiyyətin yüksək texnologiyalar əsasında inkişafının sürətləndirilməsi, Microsoft korporasiyasının məhsullarının qorunması və bu məhsullardan istifadənin təhlükəsizliyinin hökumət səviyyəsində təmin edilməsi, eləcə də qurumun Azərbaycan hökuməti ilə birgə layihələr reallaşdırması imkanları müzakirə olunmuşdur. Tərəflər elektron hökumət sistemlərinin yaradılması üçün Microsoft platformasından istifadə sahəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinə dair qarşılıqlı razılıq əldə etmişlər. Görüşdə ölkəmizin rəsmi qurumlarının kompyuter parkının leqallaşdırılmasında, “Milli kompyuter” proqramının həyata keçirilməsində Microsoft korporasiyası ilə Azərbaycan hökumətinin əməkdaşlığının əsas perspektivləri də müəyyənləşdirilmişdir.
Nazir, həmçinin Microsoft korporasiyasının sərgi laboratoriyasında olmuş, burada fərdi kompyuter istifadəçilərinin məhsuldarlığının artırılmasına (“Gələcəyin ofisi”), məsafədən əməkdaşlıq sisteminin səmərəli şəkildə dəstəklənməsinə (“Live-texnologiya”) yönəlmiş ən son texnologiyalarla yaxından tanış olmuşdur.