RADİKAL MÜXALİFƏTİN SIRALARINI TƏRK EDİRLƏR
Ərşad Əhmədov, Barat Musayev və Dağıstan Cabbarov uzun müddət AXCP-nin sıralarında olduqlarını, lakin noyabrın 6-da keçirilmiş parlament seçkilərindən sonra radikal müxalifətin tutduğu yolun, Konstitusiyamıza zidd hərəkətlərinin onları dərindən sarsıtdığını söyləmişlər. Noyabrın 26-da paytaxtda keçirilmiş yürüş-mitinqdə müxalifət liderlərinin əhalini iğtişaşa, sabitliyi pozmağa çağırması isə sübut etdi ki, bu adamlar özlərinin şəxsi ambisiyaları, çirkin məqsədləri naminə hər şeyə qadirdirlər. Onların məqsədi heç də azad seçkilər deyil, ara qarışdırmaq, hansı yolla olursa-olsun hakimiyyətə gəlməkdir. Biz bütün bunlara etiraz əlaməti olaraq AXCP-dən çıxırıq.
Ərşad Əhmədov 6 noyabr parlament seçkiləri zamanı 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 8 saylı seçki məntəqəsinin komissiyasında katib vəzifəsində çalışdığını bildirmiş, məntəqədə seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçdiyini, seçicilərə öz iradələrini sərbəst şəkildə ifadə etmək üçün lazımi şərait yaradıldığını, bunun xarici ölkə və yerli müşahidəçilər tərəfindən də təsdiqləndiyini söyləmişdir.
AXCP-nin üzvləri, eləcə də mətbuat konfransında iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş üzvü Arif Məhərrəmov siyasi fəaliyyətlərini ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasında davam etdirmək arzusunda olduqlarını vurğulamış, Azərbaycan xalqını ulu öndərin siyasi xəttini layiqincə həyata keçirən Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, ən ağrılı problemimiz – Dağlıq Qarabağ münaqışəsinin həlli məsələsində dövlətimizin başçısına dayaq olmağa çağırmışlar.