ELM VƏ TƏHSİL
Rahibə Əliyeva: Qarabağ abidələrində tədqiqatlar aparılacaq
Bakı, 30 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda gələn ildən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Qarabağ bölgəsində olan abidələrdə tədqiqat işləri aparılacaq. Tədqiqatlar 2026-cı ilədək davam edəcək.
Bu barədə AZƏRTAC-a institutun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva məlumat verib.
“Biz Qarabağda abidələrin inventarlaşdırılması, pasportlaşdırılması ilə də məşğul olacağıq. Bu abidələrin müasir vəziyyətini öyrənməklə şəhərlərin və kəndlərin abadlaşdırılması və bərpa işləri ilə bağlı təkliflər verəcəyik. Abidələri tədqiq etməklə yanaşı, diqqətdən kənarda qalan, dövlət qeydiyyatına alınmayan yeni abidələrin siyahısını da hazırlayacağıq. Yeni aşkarlanmış abidələrin ümumi abidələr siyahısına daxil edilməsi üçün siyahı aidiyyəti dövlət orqanlarına təqdim olunacaq. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində aparılan tədqiqatların nəticələri həm kitab şəklində çap olunacaq, həm də elektron şəkildə saytlarda yerləşdiriləcək”, - deyə R.Əliyeva bildirib.
Bu il aparılan tədqiqatların nəticələri barədə danışan alim qeyd edib ki, fərdi planlar üzrə görülən işlər müvəffəqiyyətlə yerinə yetirilib. Bu tədqiqatlar əsasən Azərbaycanın memarlıq irsinin qorunmasının mədəni turizm konteksti ətrafında olub. Bu sahədə Azərbaycanda tarixi və mədəniyyət qoruqları tədqiq olunub. Azərbaycanın Qafqaz Albaniyası memarlıq irsinin qorunması və idarə olunması məsələləri üzrə, mədəni turizmin inkişafı ilə bağlı tədqiqatlar aparılıb. Abşeronda mədəni turizm və memarlıq irsi, Azərbaycanın şimal bölgəsində memarlıq abidələri üzrə araşdırmalar aparılıb, mədəni turizm konteksti ətrafında tədqiqatlar yerinə yetirilib. Ənənəvi olaraq fərdi planlar kitab şəklində nəşr edilib. Əməkdaşlarımız həm tədqiqat işləri ətrafında, həm də bu il üçün çox aktual olan Qarabağ abidələrinin tədqiqi, onların bərpası ilə bağlı bir sıra məqalələr çap etdiriblər. Həm ölkə daxilində, həm də xarici jurnallarda nəşr olunan məqalələr əsasən “Şuşa İli”nə və Qarabağ abidələrinə həsr olunub.