Rauf Vəliyev: Yüzlərlə qadın dəniz nəqliyyatının inkişafında mühüm rol oynayır
Bakı, 7 mart, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə görüş keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən qurumun İdarə Heyətinin sədri Rauf Vəliyev xanımları təbrik edərək, onlara cansağlığı, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edib ki, Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir: “Elə bir sahə yoxdur ki, orada qadınlar olmadan uğur əldə edilsin. Gəmiçiliyi də xanımlarsız təsəvvür etmək mümkün deyil. Bu gün yüzlərlə qadın kişilərlə çiyin-çiyinə çalışaraq ölkəmizin dəniz nəqliyyatının inkişafında mühüm rol oynayır”.
Sədr bildirib ki, digər sahələrdə olduğu kimi, dənizçilikdə çalışan zərif cinsin nümayəndələrinin əməyi də istər dövlət qadın siyasətinin banisi, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində, istərsə də Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə yüksək qiymətləndirilib. Bu da öz növbəsində onların daha böyük uğurlar əldə etməsinə təsir göstərib.
Sədr qeyd edib ki, insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. ASCO da bu siyasətə uyğun olaraq qadınlara kişilərlə bərabər imkanlar yaradıldığını, bir çox mühüm vəzifələrdə xanımların yer aldığını diqqətə çatdırıb.