CƏMİYYƏT
REACT- C19 layihəsinin əksər rayonları əhatə etməsi planlaşdırılır
![REACT- C19 layihəsinin əksər rayonları əhatə etməsi planlaşdırılır](/files/2020/1/1200x630/15877366855772443328_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
Koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün həyata keçirilən REACT- C19 layihəsi davam edir. Türkiyədən gəlmiş azərbaycanlı həkimlər Bakıda işlərini yekunlaşdırıb bölgələrə yola düşməyə hazırlaşırlar. Onlar orada xəstəxanaların hazırlıq səviyyəsini qiymətləndirəcək və xəstəxana rəhbərləri ilə birlikdə boşluqları aradan qaldırmağa çalışacaqlar. Həmin həkimlər həm də öz ixtisas sahələri üzrə təlimlər keçirməyə hazırdırlar. Layihə iyunun sonunadək davam edəcək və Bakıda dörd xəstəxana olmaqla, ümumilikdə 16 xəstəxananı əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihənin icra olunacağı bölgə və xəstəxanalar hökumətlə birlikdə razılaşdırılıb. Xüsusilə koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicə alacağı xəstəxanalar seçilib.
ÜST-ün mütəxəssisi Elturan İsmayılov isə bildirib ki, mayın 4-dən 12-dək layihə Gəncə, Goranboy, Şəmkir, Ağdaşda icra olunacaq. İki həftə ərzində hansı problemlərin olduğu və necə dəstək verilə biləcəyi aydınlaşacaq və tövsiyələr veriləcək. Həmçinin treninqlər də keçiriləcək.
E.İsmayılov layihənin əksər rayonları əhatə etməsinin planlaşdırıldığını da diqqətə çatdırıb.
Xatırladaq ki, REACT-C19 layihəsi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlardakı xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün həyata keçirilir. Layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edir.