RƏFİQ HƏRİRİNİN QƏTLİ İLƏ BAĞLI TƏHQİQAT HAQQINDA MƏRUZƏ BMT-YƏ TƏQDİM OLUNMUŞDUR
Sənəddə deyilir ki, Rəfiq Həririnin ölümünə səbəb olan partlayışı milliyyətcə livanlı olmayan intiharçı terrorçu törətmişdir. Təqribən 1,8 tonluq partlayıcı maddə “Mitsubisi” markalı avtobusa qoyulubmuş. BMT-nin müstəntiqləri 2004-cü ilin oktyabrından 2005-ci ilin dekabrınadək olan dövrdə antisuriya əhval-ruhiyyəli Livan xadimlərinə qarşı 14 basqın edildiyini vurğulayaraq bildirmişlər ki, bu hadisələrlə Həririnin qətli arasında əlaqənin olub-olmadığını aydınlaşdırırlar.
Məruzənin müəllifləri Suriya ilə əməkdaşlığın səviyyəsindən razı qaldıqlarını bildirərək, bu ölkənin hökumətindən gələcəkdə də təhqiqat üçün lazım olan məlumatları əsirgəməməyi, habelə respublika ərazisində olan bütün şahidlərin dindirilməsi üçün şərait yaratmağı tələb etmişlər.
Xatırladaq ki, Livanın istefaya çıxmış Baş naziri Rəfiq Həriri 2005-ci il fevralın 14-də Beyrutda həlak olmuşdur. BMT-nin o zamankı xüsusi komissiyası Suriyanın güc strukturlarının yüksək vəzifəli şəxslərinə qarşı ittiham irəli sürmüşdü. Lakin Suriya rəhbərliyi ittihamları qəti surətdə rədd etmişdir.