RƏFİQ HƏRİRİNİN QƏTLİNİN TƏHQİQİNİN NƏTİCƏLƏRİ BARƏDƏ MƏRUZƏ BMT BAŞ KATİBİNƏ TƏQDİM OLUNMUŞDUR
Alman detektiv sənədin məzmunu barədə məlumat verməkdən boyun qaçırmışdır. O, dekabrın 13-də BMT Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxış edəcəkdir.
Xatırladaq ki, Mexlis komissiyasının oktyabrda açıqlanmış birinci hesabatında bildirilirdi ki, Həririnin qətlə yetirilməsində Suriyanın yüksək vəzifəli məmurlarının əli var. Oktyabrın 31-də bu hesabat əsasında BMT TŞ qətnamə qəbul edərək, Suriya hökumətini Həririnin öldürülməsində şübhəli bilinən adamları tutmağa və onların BMT komissiyası tərəfindən dindirilməsinə imkan yaratmağa çağırmışdı.
Təhlükəsizlik Şurasının qətnaməsinə görə, komissiya Həririnin qətli hallarının təhqiqi haqqında hesabatı dekabrın 15-dək təqdim etməli idi, lakin ayın əvvəllərində Livanın Baş naziri BMT-yə təhqiqatın müddətinin yarım il uzadılmasını təklif etmişdir. Dekabrın 10-da Mexlis bildirmişdir ki, onun komissiyası yaxın günlərdə Suriya rəhbərliyinin daha bir neçə nümayəndəsini dindirmək niyyətindədir.
Rəfiq Həriri fevralın 14-də Beyrutda yolun kənarına qoyulmuş bombanın partlaması nəticəsində həlak olmuşdur. Bu terror aktı zamanı daha 20 adam ölmüşdür. Bir çox livanlıların fikrincə, Həririnin qətlində Suriya hökumətinin əli var. Lakin Dəməşq bu ittihamları rədd edir. Həririnin öldürülməsi Livanda çoxsaylı nümayişlərə səbəb olmuş və bu, 1975-ci ildən ölkədə yerləşdirilmiş Suriya qoşunlarının buradan çıxarılması ilə nəticələnmişdir.