Region cüdoçularının uğurları getdikcə artır
Bakı, 30 aprel, AZƏRTAC
Region cüdoçuları uğurlarının sayını getdikcə artırırlar.
AZƏRTAC xəbər verir ki, region komandaları və cüdoçuların hazırlığı, yarışlarda iştirakı üçün Azərbaycan Cüdo Federasiyası tərəfindən hər bir şərait yaradılır. Bu qayğının nəticəsidir ki, region və bölgə idmançıları ölkə və beynəlxalq yarışlarda nəticələrini ildən-ilə yaxşılaşdırırlar.
Bugünlərdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində kiçikyaşlı yeniyetmə cüdoçular arasında ölkə birinciliyində paytaxt və klub komandaları ilə yanaşı, respublikamızın müxtəlif bölgələrindən də çoxlu sayda cüdoçu mükafatlar uğrunda mübarizə aparıb. Onlardan ən yüksək nəticəni Zaqatala, Yevlax və Gəncə komandaları qazanıblar. Belə ki, Zaqatala və Yevlax cüdoçuları hərəyə 2 qızıl, Gəncə tatami ustaları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Azərbaycan birinciliyində Mingəçevir 1 qızıl, 1 gümüş, 2 bürünc, Qəbələ 1 qızıl, 1 gümüş, Sumqayıt 1 gümüş, 3 bürünc, Xaçmaz 1 gümüş, Siyəzən 1 gümüş, Abşeron 1 gümüş, Quba 1 bürünc, Qusar 1 bürünc, Masallı 1 bürünc medal qazanıblar.